Biz İslam Respublikası İran ilə ABŞ hökuməti arasındakı anlaşmanı və danışıqların başlanmasını alqışlayırıq və bunu gərginliklərin azaldılması, müharibənin genişlənməsinin qarşısının alınması, İran xalqı, region və dünya üçün daha əlverişli şəraitin yaradılması istiqamətində müsbət addım hesab edirik.
Son müharibə böyük dağıntılar və ziyanlar gətirdi. İran xalqı, bölgə xalqları və hətta dünya iqtisadiyyatı ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumun nəticələrindən zərər çəkdi. Biz ABŞ və İsrail hökumətlərinin beynəlxalq hüquqa zidd olan hərbi təcavüzünü, mülki infrastrukturun bombalanmasını və adi vətəndaşlara zərər verilməsini qınayırıq. Şəhərlərin, iqtisadi mərkəzlərin, infrastruktur obyektlərinin məhv edilməsi və vətəndaşların həyatının təhlükəyə atılması insani prinsiplər və beynəlxalq hüquq normalarına uyğun deyil.
Eyni zamanda biz bu gerçəkliyi vurğulayırıq ki, İslam Respublikası gərginlik yaradan və dağıdıcı siyasətlərini davam etdirməklə belə bir hücum üçün zəmin hazırladı. İslam Respublikası öz yarandığının ilk günlərindən etibarən davamlı inkişafa, vətəndaşların rifahına, demokratiyanın qurulmasına və ölkənin tərəqqisinə yönəlmək əvəzinə, İslam İnqilabını ixrac etmək və öz ideologiyasını bölgədə yaymaq siyasətini izlədi. İslam Respublikasının gərginlik yaradan siyasətləri ölkənin təhlükəsizliyini təmin etmədi, əksinə İranın mövcudluğunu və milli mənafelərini də təhlükə altına aldı.
Ümid edirik ki, bu münaqişənin sona çatması İran tarixində yeni bir mərhələnin başlanğıcı olsun; elə bir mərhələ ki, İran xalqı öz iradəsinə və gücünə arxalanaraq azadlığa, rifaha, qanunun aliliyinə, ədalətə və daha yaxşı gələcəyə nail olmaq üçün mübarizə apara bilsin.
Həmçinin ümid edirik ki, demokratik və azadlıqsevər qüvvələr xalqın iradəsinə söykənərək mədəni və siyasi mübarizə yolu ilə dini müstəbidlikdən keçidi mümkün edə bilsin və bütün vətəndaşların bərabər hüquqlarına əsaslanan, məsuliyyətli, mərkəzsizləşdirilmiş, demokratik və laik/sekulyar bir respublikanın qurulmasına zəmin yaratsın.
Biz aşağıdakı tələblərin yerinə yetirilməsini vurğulayırıq:
— İdam cəzalarının, xüsusilə siyasi məhkumların edam edilməsinin dərhal dayandırılması
— Siyasi, əqidəvi və mədəni məhkumların dərhal və qeyd-şərtsiz azad edilməsi
— İran hökumətinin hüquqi məsuliyyəti və daxili repressiya qurbanlarına kompensasiya verilməsi, həmçinin vətəndaşlara və mülki infrastruktura dəymiş zərərin ödənilməsi
— BMT-nin xüsusi məruzəçilərinin və nüfuzlu insan hüquqları təşkilatlarının iştirakı ilə İrandakı insan hüquqları vəziyyətinin monitorinqi üçün müstəqil, davamlı və beynəlxalq nəzarət mexanizminin qurulması.
İranda Demokratik Sekulyar Respublika Uğrunda Həmrəylik
İran Respublikaçı Qurumlarının Əməkdaşlıq Mərkəzi
Demokrat Respublikaçılar və Federal Demokratların Birgə Konqresi
Respublikaçıların Şəhər Qurumları
Demokrat Respublikaçıların Yaxınlaşma Bloku
1 Tirmah 1405 (22 iyun 2026)