Türkiyə vitse-prezidenti bildirib ki, Zəngəzur dəhlizi və «İnkişaf yolu» layihələrinin həyata keçirilməsi Ankara üçün ticarət, tranzit və investisiya sahələrində yeni imkanlar açacaq.
ArazNews-un AzərTAC-a istinadən verdiyi məlumata görə, Türkiyə vitse-prezidenti Cevdət Yılmaz bildirib ki, Zəngəzur dəhlizi və «İnkişaf yolu» kimi strateji layihələr Türkiyə üçün yeni iqtisadi imkanlar yaratmaq potensialına malikdir.
Yılmaz Ankarada keçirilən «Türkiyə İnşaat Zirvəsi»ndə çıxışı zamanı regional proseslərə toxunaraq deyib ki, münaqişələrin başa çatması və zərər görmüş ölkələrin yenidən qurulması Türkiyə şirkətləri, xüsusilə tikinti sektoru üçün yeni perspektivlər açacaq.
O vurğulayıb ki, müharibələr yalnız dağıntılar gətirir və region hər zamankından daha çox inkişafa, yenidənqurmaya və iqtisadi əməkdaşlığa ehtiyac duyur.
Türkiyə vitse-prezidenti ölkə iqtisadiyyatında tikinti sektorunun roluna da toxunaraq bildirib ki, bu sahə Türkiyənin ümumi daxili məhsulunun təxminən 6 faizini təşkil edir və burada 2,2 milyondan çox insan çalışır.
Onun sözlərinə görə, Türkiyə şirkətləri indiyədək dünyanın 138 ölkəsində ümumi dəyəri 563 milyard dollar olan layihələr həyata keçiriblər və beynəlxalq bazarda fəaliyyət göstərən şirkətlərin sayına görə Çindən sonra dünyada ikinci yerdə qərarlaşıblar.