Almaniyanın müdafiə naziri bildirib ki, bu ölkəyə məxsus iki hərbi gəmi aidiyyəti tərəflərin razılığı olacağı təqdirdə Hörmüz boğazında mümkün mina təmizləmə əməliyyatında iştirak etmək üçün Qırmızı dənizə doğru hərəkət edir.
ArazNews-un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkənin «Fulda» minaaxtaran gəmisi və «Mosel» dəstək gəmisi Süveyş kanalını keçərək Qırmızı dəniz istiqamətində irəliləyir.
Pistorius Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində deyib ki, Almaniyanın Hörmüz boğazında mina təmizləmə əməliyyatına mümkün iştirakı İran və Omanın razılığından asılı olacaq.
Almaniyanın müdafiə naziri əlavə edib ki, bu missiya ilə bağlı yekun qərar Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişindən və qarşıdakı günlərdə baş verəcək siyasi hadisələrdən asılı olacaq.