İslam Respublikasının məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhseni-Ejei iqtisadi məsələlərə dair keçirilən iclasda İsraillə hazırkı müharibəni «varlıq müharibəsi» adlandırıb. O, İsrailin İranı məhv etmək istədiyini iddia edib və bu ölkənin mövcudluğunu «bəşəriyyət üçün təhlükəli» hesab etdiyini deyib. Möhseni-Ejei həmçinin iddia edib ki, hətta qarşı tərəf də İranı «dünyanın dördüncü gücü» hesab edir.
Məhkəmə hakimiyyətinin rəhbəri həmin iclasda inflyasiyanın cilovlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, antiinflyasiya siyasəti durğunluğu dərinləşdirməməli, istehsala zərər vurmamalı və işsizliyi artırmamalıdır. Möhseni-Ejei əlavə edib ki, iqtisadi problemlərin həlli üçün daxili və xarici şərait, müharibə və sanksiyalar eyni vaxtda nəzərə alınmalıdır.