İranlıların TOEFL, GRE və Duolingo kimi beynəlxalq dil və təhsil imtahanlarına çıxışı ABŞ-ın yeni qərarı ilə kəsilib. ABŞ Xəzinədarlıq Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) avqustun 24-də açıqlayıb ki, 2014-cü ildən İranlılara təhsil xidmətlərinin göstərilməsinə imkan verən «G» ümumi lisenziyası müddətsiz olaraq dayandırılıb.
Bu lisenziya əvvəllər ABŞ şirkətlərinə universitetə qəbul imtahanlarını və peşəkar sertifikatları İranda yaşayanların ixtiyarına verməyə, habelə İranlı tələbələrin qəbul müraciətlərini emal etməyə icazə verirdi. Bu qərardan sonra Duolingo imtahanının dəstək səhifəsi açıqlayıb ki, bu imtahan artıq İran şəxsiyyət sənədlərinə malik istifadəçilər üçün, İrandan kənarda yaşasalar belə, əlçatan deyil.
ABŞ Xəzinədarlıq naziri Skott Bessent bu sanksiya paketini İran İslam Respublikasının maliyyə əlaqələrinə qarşı «iqtisadi hücum» kimi təsvir edib və deyib ki, məqsəd İran hökumətinin hər bir iqtisadi damarını kəsməkdir.