İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Ğəribabadi bildirib ki, zədələnmiş nüvə obyektlərinin yoxlanılması məsələsi yalnız yekun bir razılaşma çərçivəsində və qarşı tərəfin bütün sanksiyaları ləğv etmək istiqamətində real addımlar atmasından sonra müzakirə edilə bilər.
Ğəribabadi X şəbəkəsində yazıb: «Hücuma məruz qalmış obyektlərə və nüvə materiallarına giriş üçün heç bir plan mövcud deyil.»
O həmçinin açıqlayıb ki, İsveçrə danışıqları zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossinin tələbinə baxmayaraq, İran nümayəndə heyəti ilə onun arasında heç bir görüş keçirilməyib.
Bu açıqlamalar o zaman səslənir ki, Grossi əvvəllər İran və ABŞ arasındakı anlaşmaya əsasən İranın nüvə fəaliyyətinin Agentliyin nəzarəti altına alınacağını və nüvə obyektlərinin yoxlanışının «müvafiq vaxtda» həyata keçiriləcəyini bildirmişdi.
Donald Tramp da açıqlayıb ki, Agentliyin inspektorları müvafiq vaxtda İrana gedəcək, lakin bu yoxlanışların aparılması üçün «tələsmək» lazım deyil.
Nüvə yoxlanışları məsələsi və Agentliyin nəzarət mexanizmi hazırda gedən danışıqlarda Tehran ilə Vaşinqton arasındakı əsas mübahisəli məsələlərdən biri olmaqda davam edir.