ArazNews
Ana Səhifə / Bölgə / Ermənistan parlament seçkilərinin ilkin nəticələri açıqlandı; Paşinyanın partiyası öndədir
Bölgə

Ermənistan parlament seçkilərinin ilkin nəticələri açıqlandı; Paşinyanın partiyası öndədir

 Ermənistan parlament seçkilərinin ilkin nəticələri açıqlandı; Paşinyanın partiyası öndədir


Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Nəticələrə görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyası böyük fərqlə birinci yerdə qərarlaşıb.


ArazNews-un məlumatına görə, 2005 seçki məntəqəsindən 110-unun nəticələri hesablanaraq təsdiqlənib. Bu nəticələr əsasında “Mülki Müqavilə” Partiyası səslərin 57,14 faizini qazanaraq lider mövqedədir.


Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyası 21,43 faiz səslə ikinci yerdə qərarlaşıb. “Hayastan” bloku 8,21 faiz, “Çiçəklənən Ermənistan” Partiyası isə 5,1 faiz səs toplayıb. Digər siyasi qüvvələrin indiyədək topladığı səslər 3 faizdən aşağı olub.


Ermənistanın seçki qanunvericiliyinə əsasən, siyasi partiyaların parlamentə düşməsi üçün ən azı 4 faiz səs toplaması tələb olunur. Bu göstərici koalisiyalar üçün 6 faiz, seçki blokları üçün isə 10 faiz müəyyən edilib.


Mərkəzi Seçki Komissiyası vurğulayıb ki, bunlar ilkin nəticələrdir və səslərin sayılması davam etdikcə yekun rəqəmlərdə dəyişikliklər baş verə bilər.