ABŞ Prezidenti Donald Trampın bazar ertəsi günü İsrailin Livandakı əməliyyatlarını genişləndirməsi ilə bağlı Baş nazir Benyamin Netanyahu ilə keçirdiyi telefon danışığının olduqca gərgin keçdiyi bildirilir.
ArazNews-un Axios-a istinadən verdiyi məlumata görə, iki amerikalı rəsmi və bir məlumatlı mənbə Trampın Netanyahuya qəzəbləndiyini və onu “dəli” adlandırdığını bildirib. ABŞ rəsmilərindən biri söhbəti belə xülasə edib: “Sən dəlisən. Mən olmasaydım, indi həbsxanada idin. Mən səni xilas edirəm. İndi hamı səndən nifrət edir. Hamı İsraildən nifrət edir.”
Məlumata görə, Trampın qəzəbinin əsas səbəbi Netanyahunun Livandakı əməliyyatları genişləndirməsinin İranla aparılan həssas danışıqları təhlükə altına salması olub. Həmin gün İran da İsrailin Livandakı hərəkətlərinə görə danışıqları tərk edə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Bildirilir ki, Tramp İsrailin Beyruta planlaşdırdığı hücumun qarşısını alıb və bunun İsraili beynəlxalq aləmdə daha da təcrid edəcəyini deyib.
Telefon danışığından sonra İsrail Beyrutda Hizbullaha aid hədəflərə zərbə endirmək planından imtina etdiyini açıqlayıb. Netanyahu rəsmi bəyanatında İsrailin mövqeyinin dəyişmədiyini bildirsə də, amerikalı bir rəsmi Trampın danışıq zamanı ona ciddi təzyiq göstərdiyini və nəticədə Netanyahunun geri çəkildiyini iddia edib.
Tramp isə bu danışıqdan sonra Truth Social platformasında İranla danışıqların çox sürətlə davam etdiyini yazıb.