ABŞ Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası hesab olunan Nobitex-i sanksiyalardan yayınmağa kömək etmək və İran rejiminə bağlı qurumlarla əməkdaşlıq etmək ittihamı ilə sanksiya siyahısına əlavə edib.
ArazNews-un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ çərşənbə axşamı günü İranın ən böyük rəqəmsal valyuta ticarət platforması olan Nobitex-ə qarşı sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi iddia edir ki, Nobitex İran Mərkəzi Bankı və SEPAH üçün yüz milyonlarla dolların köçürülməsində rol oynayıb və İran rejiminin beynəlxalq sanksiyalardan yayınmasına yardım edib.
Eyni zamanda, Nobitex-in icraçı direktoru və birjanın iki həmtəsisçisi də sanksiya siyahısına salınıb. Vaşinqton həmçinin iddia edir ki, platforma İranda internetin kütləvi şəkildə məhdudlaşdırıldığı dövrlərdə belə hökumətlə əlaqəli vəsaitlərin və aktivlərin köçürülməsini davam etdirib.
Nobitex isə daha əvvəl dövlət qurumları ilə birbaşa əlaqələrinin olması iddialarını rədd edib və bildirib ki, hər hansı qanunsuz əməliyyat baş veribsə, bu, şirkət rəhbərliyinin məlumatı və ya təsdiqi olmadan həyata keçirilib.