Tehranın 18-ci rayonunda noyabrın 24-də, çərşənbə axşamı baş verən torpaq çökməsi nəticəsində "Xavər" markalı yük maşınının bir hissəsi yerə batıb və maşın yarıaşmış vəziyyətə düşüb. Hadisə paytaxtın cənubunda yerləşən Firdovs məhəlləsində baş verib və nəqliyyat vasitələrinin hərəkət yolunun bağlanmasına səbəb olub.
İRNA-nın məlumatına görə, yük maşınının təkərinin küçənin zədələnmiş hissəsinə batması avtomobilin müvazinətini pozub.
Hadisə torpaq çökməsinin Tehranın cənub və cənub-qərb rayonları üçün ciddi təhdidlərdən birinə çevrildiyi bir vaxtda baş verib. Ekspertlər İranda mərkəzçilik, kapitalın mərkəzdə toplanması, əhalinin bu şəhərlərə axını və bunun ardınca yeraltı su ehtiyatlarının nizamsız istismarı nəticəsində torpaq çökməsinin genişlənməsi barədə dəfələrlə xəbərdarlıq ediblər. Bu böhran şəhər infrastrukturunu, binaları və nəqliyyat yollarını təhlükə altına qoya bilər.