çərşənbə axşamı, 24 noyabr 2026
İran

Xalq üçün həbsxana, "özününkülər" üçün parlament? Həbs cəzasına baxmayaraq Rəsai parlamentdə iştirak edir

Xalq üçün həbsxana, "özününkülər" üçün parlament? Həbs cəzasına baxmayaraq Rəsai parlamentdə iştirak edir

İfrat, antitürk və antiazərbaycan mövqeli Paydari Cəbhəsi cərəyanına yaxın deputat Həmid Rəsai 10 aylıq həbs cəzasının müddəti hələ başa çatmadığı halda çərşənbə axşamı, 3 azər (24 noyabr) tarixində yenidən İslami Şura Məclisinin plenar zalına gəlib. Elan olunmuş məzuniyyəti başa çatdıqdan və səsvermə sisteminin söndürülməsinə etiraz etdikdən sonra onun parlamentdə sərbəst iştirakı adi məhbuslara və hakimiyyət təmsilçilərinə ikili yanaşma ilə bağlı sualları yenidən gündəmə gətirib.

Parlamentin sabiq deputatı Cəlal Rəşidi Koçi bu hadisəyə münasibət bildirərək X sosial şəbəkəsində yazıb: «Məgər digər məhbuslar da məzuniyyətdə olarkən siyasi və partiya mitinqlərində çıxış edə, küçə xuliqanlığı ilə parlamentin açıq iclasını dayandıra bilərlərmi? Yoxsa bu imkan yalnız Paydari məhbusları üçündür?» Bu tənqid Rəsainin və tərəfdarlarının bazar günü davranışı ilə bağlıdır. Həmin gün onun səsvermə sisteminin söndürülməsinə etiraz parlamentin açıq iclasının keçirilməməsi ilə nəticələnib.

Rəsai parlamentin sədri Məhəmməd Bağır Qalibafın əleyhinə materiallar yaydığına görə 10 ay həbs cəzası barədə qəti hökmlə üzləşmişdi. Lakin o, cəzanın icrası dövründə nəinki siyasi fəaliyyətlərdə iştirak edib, hətta parlamentə qayıdıb və Qalibafla öpüşərək görüşüb.

Məhkəmə hakimiyyəti və parlamentin Rəyasət Heyəti indiyədək bu qaranlıq məqamlarla bağlı aydın izahat verməyib.

Bu xəbəri paylaşın