ABŞ Maliyyə Nazirliyi İslam Respublikasına qarşı yeni sanksiyalar çərçivəsində Tehranın gizli maliyyə şəbəkələri ilə əlaqəli 24-dən çox valyuta mübadiləsi şirkətini, paravan şirkəti və şəxsi hədəfə alıb.
ABŞ Maliyyə Nazirliyi və "Reuters" agentliyinin məlumatına görə, ölkənin maliyyə naziri Skott Bessent bəyan edib: «Gizli bankçılıq sistemi müflis olmuş bir hakimiyyətin son həyati maliyyə damarıdır».
Bessent vurğulayıb ki, Vaşinqton bu şəbəkələri dağıtmağa davam edəcək.
Maliyyə Nazirliyinin açıqlamasına əsasən, yeni sanksiyalar İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Honkonqdakı şəbəkələri əhatə edir. Vaşinqtonun sözlərinə görə, bu şəbəkələr milyardlarla dolların köçürülməsində və İslam Respublikasına qarşı sanksiyalardan yayınmada rol oynayıb.
ABŞ həmçinin İslam Respublikasının gizli bankçılıq şəbəkələri ilə əlaqəli olduğundan şübhələnilən təxminən 15 milyard dollarlıq maliyyə fəaliyyətinin aşkarlandığını bildirib.