Bu qış küçələr, yollar və parklar daha az işıqlandırılacaq. "Tavanir" şirkətinin baş direktoru Məhəmməd Allahdad çərşənbə axşamı, 26 Aban (17 noyabr) tarixində qış mövsümündə enerji istehlakının idarə olunmasına dair iclasda bələdiyyələrdən, ostandarlıqlardan və icra orqanlarından küçə və yollarda zəruri olmayan işıqlandırmanı azaltmağı tələb edib. O, həmçinin polad və alüminium zavodlarının elektrik enerjisi ilə təchizatına yenidən baxılmasını və qaydaları pozan abonentlərə qarşı daha sərt tədbirlər görülməsini istəyib.
Hökumətin sözçüsü Fatimə Mühacirani bildirib ki, qışda qaz çatışmazlığı gündəlik 430 milyon kubmetrə çata bilər. Müharibədən əvvəl bu rəqəm təxminən 300 milyon kubmetr idi. Mühacirani hətta Tehranın da qazsız qala biləcəyi barədə xəbərdarlıq edib. İran Milli Qaz Şirkəti də ən azı 11 ostanda qaz təchizatında fasilələr yarana biləcəyini açıqlayıb.
İranda elektrik enerjisinin böyük hissəsi qazla işləyən elektrik stansiyalarında istehsal olunur. Enerji disbalansı isə müharibədən illər əvvəl də mövcud idi. Allahdad daha əvvəl hərbi hücumların elektrik şəbəkəsinə vurduğu ziyanın 60 min milyard tüməndən çox olduğunu, şəbəkənin gücünün isə 4 min 200 meqavat azaldığını açıqlamışdı.