İki bioloq, Piter Nobl və Aleks Pojitkov «Physiology» jurnalında dərc etdikləri məqalədə bir neçə tədqiqatın nəticələrini bir araya gətiriblər. Onların fikrincə, həyatla ölüm arasında «üçüncü vəziyyət» mövcuddur. Canlı öləndə onun hüceyrələri onunla birlikdə dərhal ölmür. Onların bəziləri saatlarla, bəziləri isə həftələrlə yaşamağa davam edir və uyğun şəraitdə yeni canlılara çevrilir.
Hər şey qurbağalardan başlayıb. 2020-ci ildə ABŞ-ın Tafts və Vermont universitetlərindən bir qrup alim ölmüş qurbağa embrionlarının dəri hüceyrələrini qaba yerləşdirib. Hüceyrələr dağılıb ölmək əvəzinə öz-özünə bir yerə toplaşıb və ölçüsü 1 millimetrdən kiçik kürəciklər əmələ gətiriblər. Qurbağa dərisinin vəzifəsi seliyi süpürmək olan xırda kirpikcikləri bu kürəciklərdə avar kimi işləməyə başlayıb və onları üzdürüb. Tədqiqatçılar bu canlıları «ksenobot» adlandırıblar. Onlar yaralarını özləri bərpa edir və bir neçə həftədən sonra parçalanırlar.
Bir il sonra tədqiqatçılar daha qəribə bir hadisə müşahidə ediblər. Ksenobotlar ağız kimi açılan bədənləri ilə qabın içindəki sərbəst hüceyrələri itələyib üst-üstə yığırdılar. Bu yığınlar bir neçə gün ərzində yeni ksenobotlara çevrilirdi. Məlum olan heç bir canlı bu üsulla çoxalmır.
Həmin qrup 2023-cü ildə təcrübəni insan hüceyrələri ilə təkrarlayıb. Yetkin insanların traxeya hüceyrələri heç bir genetik müdaxilə olmadan kürəcik formasına düşüb, üzməyə başlayıb və «antrobot» adlandırılıb. Tədqiqatçılar onları cızılaraq zədələnmiş sinir hüceyrələri təbəqəsinin üzərinə yerləşdiriblər. Üç gün sonra antrobotlar yaranın üzərində körpü kimi yerləşmişdi, altlarındakı sinir hüceyrələri isə yenidən böyümüşdü. Halbuki heç kim onlara bunu öyrətməmişdi.
Nobl və Pojitkov xatırladıblar ki, insanın ağ qan cisimcikləri ölümdən sonra iki-üç günə qədər yaşamağa davam edir. Siçanların əzələ hüceyrələri isə hətta ölümdən iki həftə sonra yenidən çoxalır. Bu iki bioloqun fikrincə, həmin hüceyrələrin bədəndən ayrıldıqdan sonra yeni forma yaratmaq qabiliyyəti məhz həmin üçüncü vəziyyətin əlamətidir. Alimlər ümid edirlər ki, nə vaxtsa bu canlı robotlardan damarlardakı tıxanmaları aradan qaldırmaq, yaraları sağaltmaq və dərmanı müalicə olunan nahiyəyə dəqiq çatdırmaq üçün istifadə edə biləcəklər.