İslam Respublikasının yüksək vəzifəli rəsmilərindən biri Reuters-ə bildirib ki, Tehran nüvə proqramı ilə bağlı yeni təklifini qətərli vasitəçilər vasitəsilə Vaşinqtona göndərib. Onun sözlərinə görə, ABŞ hökuməti bu təklifi nəzərdən keçirir.
Qətər Xarici İşlər Nazirliyi çərşənbə axşamı hər iki tərəfin vasitəçilik prosesinə hələ də sadiq qaldığını açıqlamışdı. Lakin əsas fikir ayrılıqları qalmaqdadır. Vaşinqton nüvə məsələsinin elə əvvəldən müzakirə masasında olmasını istəyir. İslam Respublikası isə bunun müqabilində limanların dəniz blokadasına son qoyulmasını, neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və Hörmüz boğazının yenidən açılması üçün şərait yaradılmasını ilkin şərt kimi irəli sürüb.
İranlı yüksək vəzifəli rəsmilərdən biri daha əvvəl Reuters-ə iki ölkənin razılaşmadan hələ çox uzaq olduğunu demişdi. Reuters cümə axşamı xəbər verib ki, bu məsləhətləşmələrə baxmayaraq, ABŞ-nin İrana hərbi hücumlarını bərpa edəcəyi ilə bağlı narahatlıq hələ də davam edir.