İslam Respublikasının yüksək vəzifəli rəsmilərindən biri Tehranın nüvə dosyesi ilə bağlı yeni təklifini Qətər vasitəsilə Vaşinqtona göndərdiyini açıqlayıb. Lakin rəsminin sözlərinə görə, Tehran təklifin nəzərdən keçirilməsini ABŞ-ın İranın yeddi şərtini qəbul etməsindən asılı edib.
Reuters-in məlumatına görə, adının açıqlanmasını istəməyən iranlı rəsmi noyabrın 5-də, cümə axşamı ABŞ-ın Tehranın təklifini nəzərdən keçirdiyini deyib, lakin əlavə təfərrüat verməyib.
İslam Respublikasının yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən olan Möhsün Rzai də Rusiyaya səfəri zamanı vurğulayıb ki, Vaşinqton Tehranın yeddi şərtini yerinə yetirməyənədək İran nə Hörmüz boğazını açacaq, nə də danışıqlara başlayacaq.
ABŞ sanksiyalarının ləğvi, İranın dondurulmuş aktivlərinin azad edilməsi və müharibə təzminatının ödənilməsi Tehranın tələbləri sırasındadır. Vaşinqton isə nüvə məsələsinin ilkin danışıqların bir hissəsi olmalı olduğunu vurğulayır.