İsrailin 12-ci kanalı xəbər verib ki, ölkə ordusunun Baş Qərargah rəisi Eyal Zamir siyasi rəhbərlikdən İranla bağlı hərbi əməliyyata dair göstərişlər aldıqdan sonra məsələnin hərtərəfli araşdırılmasını, hüquqi təminatlar verilməsini və məsul şəxslərin imzası ilə yazılı təsdiq təqdim olunmasını tələb edib.
Məlumata görə, verilən göstərişin təfərrüatları açıqlanmayıb, lakin təhlükəsizlik mənbələrindən biri xəbərdarlıq edib ki, onun icrası hazırkı həssas şəraitdə İranla sürətli və qəfil qarşıdurmaya səbəb ola bilər.
Məlumatlı mənbələr həmçinin bildiriblər ki, İsrail ordusunun komandirləri arasında İran məsələsindən 27 oktyabr seçkiləri ərəfəsində Benyamin Netanyahunun xeyrinə siyasi dividend qazanmaq üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıq var.
Netanyahu Baş Qərargah rəisi ilə fikir ayrılığı olması barədə xəbəri rədd edib. İsrailin müdafiə naziri İsrail Kats da siyasi və hərbi rəhbərlik arasında fikir ayrılığını təkzib edərək İsrailin seçkilərdən əvvəl İrana hücuma başlamaq niyyətində olmadığını bildirib.