Adi bir üz fotoşəkili, ola bilsin, xərçəngə tutulmuş xəstələrdən hansılarının digərlərinə nisbətən daha çox risk altında olduğunu göstərə bilər. Bu işi 40 milyondan çox üz üzərində öyrədilmiş, süni intellektə əsaslanan sistem görür. Sistem yalnız bir fotoşəkil əsasında xəstənin bioloji yaşını, yəni orqanizmin real köhnəlmə dərəcəsini təxmin edir və onun ölüm riskini proqnozlaşdırır.
Sistemin ən yüksək risk qrupuna daxil etdiyi xəstələrin təxminən yarısı üç ay ərzində həyatını itirib, ən aşağı risk qrupunda isə eyni müddətdə xəstələrin cəmi 2 faizə yaxını vəfat edib. Üzü real yaşından ən azı beş yaş yaşlı görünən xəstələr də sonrakı illərdə 21 faiz daha yüksək ölüm riski ilə üzləşiblər.
Sistem iki hissədən ibarətdir: bioloji yaşı təxmin edən hissə alındakı xətlərə, gicgahlara və burunla ağız arasındakı qırışlara diqqət yetirir, sağ qalma ehtimalını proqnozlaşdıran hissə isə daha çox birbaşa gözlərin altındakı nahiyəyə və burun sırtının ətrafına əsaslanır. İnsanların vərdişləri də onların üzündə əks olunub: siqaret çəkənlər siqareti tərgitmiş şəxslərdən daha yaşlı görünüb, bu qrup isə heç vaxt siqaret çəkməmiş insanlardan daha yaşlı görünüb. Həddindən artıq spirtli içki qəbulunun təsiri də üzdə özünü büruzə verib.
Pasport yaşı kimin ağır cərrahi əməliyyata, şüa terapiyasına və ya kimyaterapiyaya dözə biləcəyini göstərmir və buna görə də belə bir fotoşəkil nə vaxtsa həkimlərə müalicənin intensivliyini hər bir xəstəyə uyğun seçməkdə kömək edə bilər. Bununla belə, sistem hələ xəstəxanalarda istifadə üçün hazır deyil, çünki o, riski xəstə qrupları arasında sıralayır və hər bir şəxsin nə qədər yaşayacağını deyə bilmir. Bundan əlavə, onun nəticələri hələ həkimlərin öz qiymətləndirmələri ilə müqayisə edilməyib və sistemin sınaqdan keçirildiyi xəstələrin əksəriyyəti ağdərili olub.
Etika üzrə mütəxəssislər də xəbərdarlıq edirlər ki, sığorta şirkətləri və ya işəgötürənlər nə vaxtsa bu texnologiyadan sui-istifadə edərək insanların sosial şəbəkələrdə paylaşdıqları selfilər əsasında onların sağlamlığı barədə mühakimə yürüdə bilərlər.