ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts Vaşinqtonun İslam Respublikası ilə uzunmüddətli qarşıdurmaya hazırlaşdığını açıqlayıb. Onun sözlərinə görə, mövcud çıxılmaz vəziyyətin hətta daha bir il davam etməsi ehtimalı var.
"Financial Times" qəzetinin xəbərinə görə, Uolts oktyabrın 23-də, cümə günü bildirib ki, ABŞ daha bir il də qarşıdurma vəziyyətində qala bilər. Bu müddətdə Tehranla nüvə sazişi əldə olunmaya, Hörmüz boğazında dəniz gəmiçiliyi də müharibədən əvvəlki vəziyyətə qayıtmaya bilər.
O vurğulayıb ki, Donald Tramp və ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarının blokadasını qeyri-müəyyən müddətə davam etdirə bilər. Səfir əlavə edib ki, Vaşinqton eyni zamanda İslam Respublikasına qarşı iqtisadi təzyiqləri də gücləndirir.
Uolts ümid etdiyini bildirib ki, Tehran dəniz blokadası və hərbi zərbələrdən sonra böyük güzəştlərə gedəcək və münaqişə daha da kəskinləşməmiş ciddi danışıqlara başlayacaq.
ABŞ səfiri həmçinin qeyd edib ki, İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının aradan qaldırılması Vaşinqtonun strateji hədəflərindən biridir.