Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Urmiya gölünün su həcminin təxminən 2 milyard 550 milyon kubmetrə çatdığını açıqlayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artıb.
İranın daxili mediasının məlumatına görə, Urmiya gölünün su həcmi ötən illə müqayisədə təxminən 2 milyard 300 milyon kubmetr artıb. Bununla belə, rəsmilər vurğulayıblar ki, gölün davamlı bərpası ekoloji su payının təmin edilməsindən və su ehtiyatlarının idarə olunmasından asılıdır.
Urmiya gölü son illərdə geniş miqyaslı bənd tikintisi, suyun nəzarətsiz götürülməsi və İslam Respublikasının su ehtiyatlarının idarə edilməsi siyasəti nəticəsində ciddi quraqlıq böhranı ilə üzləşib. Azərbaycanlı fəallar İran hökumətini gölü qəsdən qurutmaqda ittiham edirlər.
Son illərdə Cənubi Azərbaycan türk millətinin Urmiya gölünün qurudulmasına və İslam Respublikasının ekoloji siyasətinə qarşı etirazları dəfələrlə təhlükəsizlik qüvvələrinin sərt repressiyaları, vətəndaşların və azərbaycanlı fəalların həbsi ilə qarşılaşıb.