Əhər şəhristanının Zəglik kəndində yerləşən, təxminən 800 illik tarixə malik və milli irs siyahısına daxil edilmiş tarixi çinar ağacı mübahisə doğuran addımla kəsilib. Ağac Fındıqlı bəxşdarlığının razılığı ilə, satılıb kənddə sanitar qovşaq tikintisinin xərcini qarşılamaq məqsədilə kəsilib.
Bölgənin təbii və tarixi abidələrindən sayılan bu ağacın kəsilməsi geniş reaksiyaya səbəb olub və məhkəmə işinin açılması ilə nəticələnib.
Əhər prokuroru Əli Fazili bununla bağlı iş açıldığını təsdiqləyərək bildirib: «Zəglik kəndindəki tarixi çinar ağacının satılıb kənddə sanitar qovşaq tikintisinin xərcini qarşılamaq məqsədilə kəsilməsindən sonra Əhər istintaq şöbəsinin 2-ci bölməsində məhkəmə işi açılıb və araşdırma davam edir».
Əhər prokurorunun sözlərinə görə, ağacı kökündən çıxarmaq üçün istifadə olunan yükləyici texnika cərimə meydançasına aparılıb, polis əməkdaşları isə Mədəni İrsin Mühafizəsi Bölməsi ilə birgə kəsilmiş ağac gövdəsinin bir hissəsini müsadirə ediblər.