"Traktor Azərbaycan" klubunun sahibi Məhəmmədrza Zənuzi komandanın Bəndər-Ənzəlinin "Malavan" klubu ilə baş tutmayan oyunu zamanı səslənən irqçi təhqirlərə reaksiya olaraq İran Futbol Federasiyasını "Traktor"un Premyer Liqadan çəkilməsi ilə hədələyib.
Zənuzi bildirib ki, "Traktor Azərbaycan"ın əleyhinə 3:0 hesablı qərar çıxarılacağı təqdirdə klub yarışlarda iştirakı davam etdirməkdən imtina edəcək və məsələni Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) və İdman Arbitraj Məhkəməsi (CAS) vasitəsilə izləyəcək.
"Traktor Azərbaycan"ın sahibi komandanın futbolçularına və azarkeşlərinə qarşı söyüşlərin əks olunduğu çoxsaylı videoların yayıldığını xatırladaraq irqçi təhqirlərə qarşı qətiyyətli və ayrı-seçkilik qoyulmadan tədbir görülməsini tələb edib. O, Futbol Federasiyasının prezidenti Mehdi Tacın azarkeşləri irqçi şüarlar səsləndirən komandaların cəzalandırılması ilə bağlı verdiyi vədi xatırladaraq çempionluqdan imtina etməyə hazır olduğunu, lakin Azərbaycan xalqının təhqir olunmasını qəbul etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, İran futbol üzrə Premyer Liqasının 9-cu turunda "Traktor Azərbaycan" və Bəndər-Ənzəlinin "Malavan" komandaları arasında bazar günü keçirilməli olan oyun Sirus Qayeqran stadionunda yaşanan gərginlik, söyüşlər və Azərbaycan türk millətinə qarşı irqçi təhqirlər səbəbindən ləğv edilib.