Azərbaycan Respublikasının paytaxtı oktyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin üçüncü yüksək səviyyəli toplantısına ev sahibliyi edəcək. Toplantıda 48 ölkədən 250-dən çox nümayəndənin iştirakı gözlənilir.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov bildirib ki, toplantıda 30 dövlət qurumunun rəhbərləri, səfirlər, həmçinin beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edəcək.
Toplantının əsas məqsədinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi, məhkəmə-hüquq əməkdaşlığı və transsərhəd maliyyə cinayətləri ilə mübarizə yollarının müzakirəsi olduğu açıqlanıb.
İkigünlük toplantı çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlərlə yanaşı, korrupsiyaya qarşı mübarizəyə dair əməkdaşlıq layihələrinin və qətnamələrin müzakirə edilərək qəbul olunması nəzərdə tutulur.
Bu, 2022-ci ildə Ciddədə və 2024-cü ildə Dohada keçirilmiş toplantılardan sonra seriyanın üçüncü toplantısıdır və bu dəfə Azərbaycan Respublikasının ev sahibliyi ilə təşkil olunur.