İranın Ticarətin İnkişafı Təşkilatının rəsmilərindən Əmir Rövşənbəxş Pakistanda İran mallarını daşıyan təxminən 12 min konteynerin ilişib qaldığını bildirib. O, həmçinin bu ölkənin rəsmilərinin malların bir hissəsinin İrana daşınmasına icazə vermədiyini deyib.
O, «Etemad» qəzetinə müsahibəsində «İran konteynerlərinin müsadirə olunması» ilə bağlı xəbərləri təkzib edib. Bununla belə, qalan malların İrana gətirilməsi üçün məsləhətləşmələrin hələ də davam etdiyini, danışıqların isə nəticəsiz qaldığını deyib.
Rövşənbəxş konteynerlərin sayı barədə danışarkən bildirib: «Əvvəlcə 3 min konteyner dedilər, sonra 8 min, daha sonra isə orada 12 min konteyner qaldığını dedilər».
Ticarətin İnkişafı Təşkilatının bu rəsmisinin sözlərinə görə, problemlər təkcə Pakistanla məhdudlaşmır. İran Türkiyə marşrutu ilə yükdaşıma tutumunu artırmaq məsələsində də çətinliklərlə üzləşib.
Rövşənbəxş Pakistanın, görünür, yeni infrastruktur yaratmağa maraq göstərmədiyini qeyd edib. O, Türkiyə tərəfinin tutumun artırılması ilə bağlı müraciətə verdiyi cavab barədə isə deyib: «Türkiyə tərəfinə deyirik ki, niyə tutumu artırmırsan? O da cavab verir: sabah barışacaqsınız, öz həyatınıza qayıdacaqsınız».