ArazNews
Ana Səhifə / Bölgə / Tom Barrack: Türkiyə-ABŞ münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb
Bölgə

Tom Barrack: Türkiyə-ABŞ münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb

Tom Barrack: Türkiyə-ABŞ münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb

ABŞ-ın Ankaradakı səfiri Tom Barrack Türkiyənin Rusiya istehsalı olan S-400 sistemləri ilə bağlı hüquqi və tənzimləyici məsələlərin həllinin vaxt aparacağını bildirib. O əlavə edib ki, Vaşinqton və Ankara S-400 məsələsində ABŞ Konqresinin tələblərini yerinə yetirmək və Türkiyənin F-35 qırıcıları proqramına mümkün qayıdışı üçün çalışır.

"Anadolu" agentliyinin məlumatına görə, Barrack bu məsələnin yalnız CAATSA sanksiyaları ilə məhdudlaşmadığını, ABŞ-ın müdafiə büdcəsi qanununun müddəalarının da burada rol oynadığını vurğulayıb. O, Türkiyə ilə ABŞ arasında müdafiə əməkdaşlığının "zəruri" olduğunu deyib və Vaşinqtonun NATO-nun ikinci ən böyük müttəfiqi kimi Türkiyəyə koalisiyalarda və regional tənliklərdə böyük dərəcədə arxalandığını qeyd edib.

ABŞ səfiri Ankara ilə Vaşinqton arasındakı münasibətləri ən yaxşı vəziyyətdə olduğunu bildirərək bu münasibətlərin "heç vaxt bu qədər yaxşı olmadığını" deyib. Onun sözlərinə görə, Ərdoğan və Tramp arasında effektiv və davamlı dialoq var, iki ölkənin əsas məsələləri nazirlər və hərbi rəsmilər səviyyəsində izlənilir.

O, həmçinin Ərdoğan və Trampın BMT-dəki ziyafətdə qısa görüşünə toxunaraq iki liderin bir-birinə böyük hörmət bəslədiyini, mədəni fərqlərə baxmayaraq aralarında xüsusi "harmoniya və kimya" olduğunu bildirib. Barrack əlavə edib ki, Türkiyə regionda gərginliyin yüksək olduğu dövrlərdə ABŞ üçün böyük dost olub.

Barrack həmçinin Türkiyənin Körfəz ölkələri, Avropa, Qafqaz və Balkanlar arasındakı mövqeyini mərkəzi adlandırıb. O, ABŞ ilə İran arasında danışıqların davam etdirilməsini düzgün istiqamətdə atılmış addım kimi qiymətləndirib və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun son danışıqlardan ruhlandığını deyib. Barrackın sözlərinə görə, region və ABŞ sülhün irəliləməsi üçün hazırdır.