1361-ci Şəhrivər ayının 27-si (18 sentyabr 1982), Keyhan qəzeti ilk səhifəsində iri başlıqla yazmışdı: «Xosrov Qaşqayi edamla cəzalandırıldı». Bu başlıq, İranın cənubunda qaşqayi türklərinin ən tanınmış siyasi simalarından birinin həyatının sonunun başlanğıcı idi; adı qaşqayi türk xalqı ilə və istibdada qarşı çıxma ilə üzvi surətdə bağlı olan bir şəxsiyyət.
Xosrov Qaşqayi qaşqayi türklərinin görkəmli liderlərindən və Milli Cəbhə ilə doktor Məhəmməd Müsəddiq cərəyanına yaxın simalardan sayılırdı və illər boyu İranın siyasi arenasında rol oynayıb.
Xosrov Qaşqayi 28 Mordad çevrilişindən sonra, bir çox digər simalar kimi, Pəhləvi rejiminin təzyiqi altına düşüb və müəyyən müddət sürgündə yaşayıb. O, 1357-ci il (1978-1979) inqilabından sonra İrana qayıdıb və yenidən siyasi sahəyə qədəm qoyub. Lakin çox tezliklə onun yeni qurulmuş İslam Respublikası hakimiyyəti ilə münasibətləri gərginləşib.
Onun qaşqayi türkləri arasındakı ictimai və tarixi nüfuzu, müstəqil siyasi fəaliyyət keçmişi və yeni hakimiyyət strukturuna tam qoşulmaması, mərkəzi hökumət tərəfindən arzuolunmaz, hətta təhlükəli sima kimi görülməsinə səbəb olub.
İslam Respublikası onu amerikalılarla əlaqə, hakim rejimə qarşı fəaliyyət və hökumətəleyhinə tədbirlərdə iştirak kimi ittihamlarla məhkəməyə verib. Bu ittihamlar edam hökmünün çıxarılmasının əsası kimi təqdim edilib.
Bir çox müşahidəçilərin fikrincə, Xosrovxan Qaşqayinin edamı sadəcə bir məhkəmə işi olmaqdan daha çox, siyasi təmizləmə idi; nüfuzlu bir siman aradan qaldırmaq və İranın siyasi tarazlığında qaşqayi türklərinin tarixi mövqeyini qırmaq üçün cəhd idi - bütövlükçülüyü qorumaq və fərqli səsləri kəsmək məqsədilə.
Xosrov Qaşqayinin edamı bir çox qaşqayi türkü üçün sadəcə bir insanın ölümü deyildi; İslam Respublikasının müstəqil liderlər və ictimai nüfuza malik qeyri-fars kimliklərlə davranışının simvolu idi. Elə buna görə də onun adı hələ də qaşqayilərin tarixi yaddaşında İslam Respublikasının siyasi repressiyasının mühüm simalarından və qurbanlarından biri kimi yaşayır.