İran Məclisinin sədri Məhəmmədbağır Qalibaf son danışıqlar və müharibənin başa çatması ilə bağlı razılaşmaya dair Müctəba Xameneiyə aid edilən müraciətin yayılmasına münasibət bildirərək, onun «göstərişlərini» özü üçün əsas rəhbər tutduğunu bəyan edib.
Qalibaf paylaşdığı mesajda Müctəba Xameneinin bəyanatını «müdrik və yolgöstərən mesaj» adlandıraraq bildirib: «Bu mesaj göstərdi ki, memorandumun yekunlaşması ilə əslində yeni, çətin və mürəkkəb bir mərhələyə qədəm qoymuşuq. Bu yolda İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını etibarsız düşməndən geri almalıyıq.»
Qalibaf iddia edib ki, bu mesaj və memorandumda müəyyən edilmiş şərtlərin yerinə yetirilməsi ilə bağlı gözləntilər ABŞ-ın öhdəliklərinin icrasını izləmək üçün onun əlini daha da gücləndirib.
O əlavə edib: «Qarşı tərəfin vəfasızlıq və təzyiqlə İran xalqının və müqavimət cəbhəsinin hüquqlarını pozmasına imkan verməyəcəyik.»
Qalibaf bəyanatının davamında bildirib: «Əvvəlki danışıqlar prosesində göstərdiyimiz kimi, müəyyən edilmiş şərtlər, qırmızı xətlər və İran xalqının maraqları uğrunda qətiyyətlə dayanacağıq. Danışıqlar bizim üçün İran xalqının hüquqlarını əldə etmək uğrunda mübarizənin bir hissəsidir. Əgər düşmən həddini aşmağa çalışarsa, sübut etmişik ki, barmağımız tətikdədir və son müharibədə bunun acısını dadmış düşmənə sarsıdıcı cavab verməkdə heç bir tərəddüdümüz olmayacaq.»
Qalibafın bu açıqlamaları ABŞ vitse-prezidenti Cey Di Vensin 19 iyun tarixində İsveçrədə İran rəsmiləri ilə memorandumun təfərrüatlarını müzakirə etmək üçün planlaşdırılan səfərinin ləğv edildiyinin açıqlanmasından sonra səsləndirilib.