Məlumatlı mənbələr The Wall Street Journal qəzetinə bildiriblər ki, Pentaqon İran İslam Respublikası ilə aparılan müharibənin və onunla bağlı hərbi xərclərin bir hissəsini qarşılamaq üçün 80 milyard dollarlıq əlavə büdcəyə ehtiyac duyur.
ArazNews-un The Wall Street Journala istinadən verdiyi məlumata görə, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq konqres üzvləri ilə keçirdiyi görüşlərdə bildirib ki, Pentaqon İranla müharibənin və digər əlaqəli xərclərin maliyyələşdirilməsi üçün təxminən 80 milyard dollarlıq büdcə tələb edir.
Qəzet yazır ki, Konqres üzvləri son həftələrdə Donald Tramp administrasiyasından 28 fevralda başlanan müharibənin ümumi dəyəri ilə bağlı dəqiq maliyyə hesabatı təqdim etməsini istəyiblər.
The Wall Street Journalın məlumatına görə, amerikalı qanunvericilərin əsas narahatlıqlarından biri müharibə zamanı ABŞ ordusunun sərf etdiyi sursat və qabaqcıl hərbi texnikanın həcmi ilə bağlıdır. Onların fikrincə, bu məsələ Vaşinqtonun gələcəkdə dünyanın digər bölgələrində yarana biləcək böhranlara hərbi hazırlıq səviyyəsinə təsir göstərə bilər.