ABŞ Prezidenti Donald Tramp İran rejimi ilə aparılan danışıqların “yaxşı getdiyini” bildirib və tərəflərin yaxın günlərdə razılığa gələ biləcəyini deyib.
ArazNews-un məlumatına görə, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ ilə İran rejimi arasında razılaşmanın “bu şənbə və ya bazar günü” yekunlaşa biləcəyini bildirib. Bununla yanaşı, o, hələlik heç nəyin qəti olmadığını vurğulayıb.
Tramp həmçinin Livan məsələsini İranla aparılan danışıqlardan ayrı saxlamağa üstünlük verdiyini deyib. Onun sözlərinə görə, bu iki mövzu bir-birindən müstəqildir.
ABŞ Prezidenti bir daha İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması məsələsinə toxunaraq bildirib ki, bu addım yaxın gələcəkdə həyata keçiriləcək. Trampın bu açıqlamaları İran rəsmilərinin Livandakı hadisələri danışıqlar prosesi ilə əlaqələndirməyə davam etdiyi bir vaxtda səslənib.