New York Post-un məlumatına görə, ABŞ-a təhvil verilən iraqlı Kətaib Hizbullah qrupunun yüksək rütbəli üzvlərindən biri, Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İvanka Trampa sui-qəsd planı hazırlamaqda ittiham olunur.
ArazNews-un New York Post-a istinadən verdiyi məlumata görə, 32 yaşlı Məhəmməd Baqir Səd Davud əl-Səədi, Türkiyədə saxlanıldıqdan sonra ABŞ-a təhvil verilib. Bildirilir ki, o özünü “Məhəmməd Baqir Süleymani” kimi təqdim edirmiş.
FTB daha əvvəl bu Kətaib Hizbullah üzvünün saxlanıldığını təsdiqləmişdi. Nyu-York prokurorluğu da onun Qasım Süleymani ilə birlikdə görüntüsünü yayımlayıb. Kətaib Hizbullah İran rejiminin İraqdakı əsas proksi qruplarından biri kimi tanınır.
Bu məlumat İran rejimi və ona yaxın qrupların Qasım Süleymaninin öldürülməsinin “intiqamı”nı alacaqlarını dəfələrlə bəyan etdikləri bir vaxtda yayılıb.