Qazaxıstan prezidenti “Turkic AI” yaradılmasını təklif etdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Türküstandakı sammitində “Turkic AI” adlı ortaq texnologiya və süni intellekt mərkəzinin yaradılmasını təklif edib.
Araz News-un TRT-yə istinadən verdiyi məlumata görə, Tokayev mürəkkəb qlobal şəraitdə türk dövlətlərinin birliyinin əhəmiyyətini vurğulayaraq süni intellekt, rəqəmsallaşma və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıb.
O, türk ölkələrinin süni intellekt mərkəzləri şəbəkəsinin yaradılmasını, gənclər üçün süni intellekt olimpiadalarının keçirilməsini və ortaq texnologiya layihələrinin həyata keçirilməsini təklif edib. Tokayev bildirib ki, bu addımlar türk dünyasının texnoloji müstəqilliyini gücləndirə bilər.
Qazaxıstan prezidenti deyib ki, türk dünyası tarixi və mədəni bağlarla yanaşı, yeni texnologiyalar sahəsində də daha güclü inteqrasiyaya getməlidir ki, qlobal rəqabətdə daha möhkəm mövqe qazansın.