İki şagirdin ölümündən sonra 28 noyabr, şənbə günü Sircanda dərslər distant formata keçirilib. Kirman ostanında qrip dalğası xəbərdarlıq həddini üç dəfədən çox aşıb. Kirman Tibb Elmləri Universitetinin Yoluxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə qrupunun rəhbəri Səid Söhbəti tənəffüs yolları testlərinin 30 faizdən çoxunun müsbət çıxdığını açıqlayıb. Sircanda vəziyyət bundan da ağırdır.
Xəstəlik məktəblərdən ailələrə keçib, lakin məktəblərdə sanitar-gigiyenik protokollar tətbiq olunmayıb. Səhiyyə Nazirliyi və Qida və Dərman Təşkilatı 22 sentyabrda hələ heç bir təsdiqlənmiş peyvəndin rəsmi paylama şəbəkəsinə daxil olmadığını etiraf edib və gecikməyə sanksiyaların səbəb olduğunu bildirib.
Qida və Dərman Təşkilatının sözçüsü Məhəmməd Haşimi 26 sentyabrda nəzərdə tutulan 2,8 milyon dozadan yalnız təxminən 700 min dozanın ölkəyə gətirildiyini demişdi. Bu peyvəndlər güzəştli dövlət valyutası ayrılmadan, sərbəst qiymətlə apteklərdə satılır.