Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Nazirlər iki ölkə arasındakı strateji tərəfdaşlığın, habelə qarşılıqlı ticarət və investisiyaların genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bayramov gürcüstanlı həmkarına tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını və Azərbaycan neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana ixracına başlanıldığını bildirib. Bakı bu prosesdə Tbilisinin rolunu yüksək qiymətləndirib.
Tərəflər Orta Dəhliz marşrutunda yerləşən Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin yenidən qurulmasının başa çatmasını məmnunluqla qarşılayıblar. Görüşdə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında enerji əməkdaşlığı, eləcə də Xəzər dənizi-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi də müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin qayıdışı və mina təhlükəsi barədə də məlumat verib. Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli mexanizminin əhəmiyyəti də xüsusi qeyd olunub.