"Əl-Ərəbiyyə"nin mənbələri İraq neftinin qaçaqmalçılığı ilə bağlı araşdırmaların genişləndiyini bildirib. Mənbələr İslam Respublikasına yaxın silahlı qrupların bu şəbəkədən əldə olunan gəlirlərdən öz hərbi təchizat və ehtiyatlarını təmin etmək üçün istifadə etdiyini açıqlayıb.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, araşdırmalar Cürf əs-Saxr və Kərkük bölgələrindən Neynəva, Salahəddin və Nəcəf əyalətlərinə qədər genişlənib.
Bu mənbələrin iddiasına görə, İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılan neft İranda bu ölkənin nefti ilə qarışdırılır və xarici bazarlarda satılır. Onların sözlərinə görə, bu şəbəkədən əsas faydalananlar Tehrana yaxın qruplardır.
Eyni zamanda, İraq hökuməti neft daşıyan tankerlər və neftin daşınma marşrutları üzərində nəzarəti gücləndirməyə çalışır.
"Reuters" agentliyi də daha əvvəl iraqlı rəsmilərə istinadən xəbər vermişdi ki, İslam Respublikasına yaxın qruplardan olan "Kətaib Hizbullah" ilə əlaqəli neft qaçaqmalçılığı şəbəkəsi yüz milyonlarla dollar gəlir əldə edib. Qruplaşma irəli sürülən ittihamları rədd edib.