Hakerlər bu həftə Rusiya Dövlət Statistika Xidmətinin (Rosstat) ölüm qeydiyyatı sənədlərini yayıblar. Kloop bu sənədləri araşdırıb. Həmin media qurumunun təhlilinə əsasən, Qırğızıstanda doğulmuş ən azı 2191 nəfər Ukraynadakı müharibədə Rusiya tərəfində döyüşərkən həlak olub. Onlardan ən gənci cəmi 18 yaşında olub.
Qazaxıstandan həlak olanların sayı 1375, Özbəkistandan isə 1301 nəfərdir. 2025-ci ildə orta hesabla hər səkkiz saatdan bir Qırğızıstandan bir nəfər bu müharibədə həyatını itirib. Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşları Rusiya üçün döyüşərkən həlak olmuş xarici vətəndaşların təxminən 59 faizini təşkil edir.
Bu sənədlərə görə, Rusiyanın hərbi itkiləri təxminən 490 min nəfərdir. Türküstandan olan milyonlarla miqrant illərdir tikinti, nəqliyyat və təmizlik kimi az maaşlı işlərdə çalışmaq üçün Rusiyaya gedir. Moskva məhz bu işçi qüvvəsini müharibəyə insan cəlb etmək üçün mənbəyə çevirib.