İslam Respublikası ABŞ-ın sanksiyalarının və mühasirəsinin davam etməsinə dözməyəcəyini bildirib. Rejim bununla mübarizə üçün ixtiyarında olan bütün vasitələrdən istifadə edəcəyini deyərək hədə gəlib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bazar ertəsi, noyabrın 23-də ABŞ-ın sanksiyalarını və iqtisadi mühasirəsini hərbi hücumla bir tutub. Onun iddiasına görə, BMT Nizamnaməsinin 51-ci maddəsi Tehrana «özünümüdafiə» üçün istənilən vasitədən istifadə etmək hüququ verir.
Bəqai əlavə edib ki, İslam Respublikasının rəsmiləri sanksiyalarla mübarizə üçün «siyasi, diplomatik və müdafiə tədbirlərinin birləşməsini» nəzərdən keçirirlər. Onun sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsi hakimiyyətin yuxarı orqanlarının qərarından asılıdır.
Bu bəyanat Donald Trampın xəbərdarlığından bir gün sonra səslənib. ABŞ prezidenti televiziya müsahibəsində Tehran dəniz mühasirəsini yarmağa cəhd edərsə, İran gəmilərini batıracağını deyib.