Son bir ay ərzində 8 mindən çox saxta bomba təhdidi Avropa məktəblərini, hava limanlarını, aviaşirkətlərini və media qurumlarını hədəf alıb, geniş miqyaslı fəsadlara səbəb olub. Avropa rəsmiləri Rusiya da daxil olmaqla xarici qüvvələrin müdaxiləsi ehtimalını araşdırırlar.
Reuters-in məlumatına görə, bu təhdidlər yüzlərlə məktəbin bağlanmasına və boşaldılmasına, uçuşların istiqamətinin dəyişdirilməsinə və ləğvinə, həmçinin media qurumlarının fəaliyyətində fasilələrə səbəb olub. Təkcə noyabrın 2-dən 6-dək olan dövrdə təxminən 15 aviaşirkətə məxsus 50-dən çox reys təhdid hədəfinə çevrilib.
Fransanın daxili işlər naziri Loran Nunyes Rusiyanın və ya digər ölkələrin müdaxiləsi ehtimalına işarə edərək bildirib ki, Avropa polisi bu əməllərin törədicilərini müəyyənləşdirməyə çalışır.
Reuters vurğulayıb ki, bu təhdidlərin hamısının vahid şəbəkə ilə əlaqəsi və ya xarici dövlətin müdaxiləsi hələ qəti şəkildə sübuta yetirilməyib.