Polşa Rusiyanın eksklavı olan Kalininqradla sərhədində xüsusi təhlükəsizlik əməliyyatına başlayıb. RMF FM radiosunun xəbərinə görə, Polşanın hərbi kəşfiyyat xidməti ötən həftə yaxın günlərdə təxribat ehtimalı barədə xəbərdarlıq etmişdi. Xəbərdarlıqda silahlı qrupların sərhədi keçməsi ehtimalından da bəhs olunmuşdu.
Əməliyyatda polis, ordu, sərhəd xidməti və kəşfiyyat qurumları iştirak edir. Polşa polisinin rəsmilərindən biri bunu təxribatla və «şərq xidmətlərinin» fəaliyyəti ilə əlaqələndirib. Polis noyabrın 2-dən 8-dək tam hazırlıq vəziyyətində olacaq.
NATO-nun baş katibi Mark Rütte oktyabrın 1-də bildirmişdi ki, Avropa Rusiyanın təxribatlarına, qəsdən törədilən yanğınlara və digər hibrid hücumlarına hazır olmalıdır. Estoniya da Rusiyanı avqust ayında bir robototexnika şirkətində qəsdən yanğın törətməkdə rəsmən ittiham edib.