Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyanı ölkəsinin Sinopdakı ikinci atom elektrik stansiyası üçün potensial mühüm tərəfdaş adlandırıb. O, "Yonhap" agentliyinə müsahibəsində layihə üzrə Koreya dövlət elektrik şirkəti (KEPCO) ilə ilkin texniki-iqtisadi əsaslandırma aparıldığını açıqlayıb. Onun sözlərinə görə, yekun qərar Türkiyənin maraqları əsasında qəbul ediləcək.
Ərdoğan müdafiə sənayesi, yarımkeçiricilər, robototexnika və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsinə çağırıb. Ankara iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq istəyir. 2025-ci ildə Türkiyənin Koreyaya ixracı 1,14 milyard dollar, idxalı isə 10,26 milyard dollar olub.
Türkiyə Prezidenti Hörmüz boğazı ilə bağlı təhlükəsizlik risklərinə toxunaraq alternativ ticarət marşrutlarının və Hicaz dəmir yolunun bərpasının vacibliyini vurğulayıb. O, noyabrın 3-də, çərşənbə axşamı Seulda Li Cae Myunq ilə görüşəcək.