Türkiyə və Özbəkistan strateji münasibətləri genişləndirmək, iqtisadi, ticari və sosial əməkdaşlığı gücləndirmək məqsədilə 5 yeni saziş imzalayıb.
TRT xəbər kanalının məlumatına görə, sazişlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankaradakı Türkiyə Prezident Kompleksində görüşündən sonra imzalanıb.
Sazişlər güzəştli ticarət, gömrük məlumatlarının mübadiləsi, sosial təminat və iki ölkənin iqtisadi subyektlərinin dəstəklənməsi sahələrini əhatə edir.
Bundan əlavə, Ərdoğan və Mirziyoyev Ticarət Fəaliyyətinin Dəstəklənməsi üzrə Ali Şuranın yaradılmasına dair sazişi imzalayıblar.
Bu sazişlər Ankara ilə Daşkənd arasında münasibətlərin dərinləşməsi və türk dünyası ölkələri arasında iqtisadi və strateji əməkdaşlığın güclənməsi yolunda daha bir addım hesab olunur.