ArazNews
Ana Səhifə / Xəbər / Pişik sahiblərinin əhval-ruhiyyəsi pişiklərinin "sevgi hormonu" ilə əlaqəlidir
Xəbər

Pişik sahiblərinin əhval-ruhiyyəsi pişiklərinin "sevgi hormonu" ilə əlaqəlidir

Pişik sahiblərinin əhval-ruhiyyəsi pişiklərinin

Yaponiyada aparılan araşdırma göstərib ki, pişik sahiblərinin əhval-ruhiyyəsi hətta öz orqanizmlərindəki oksitosindən də çox, pişiklərinin orqanizmindəki bu hormonun səviyyəsi ilə əlaqəlidir. Oksitosin səviyyəsi daha yüksək olan pişiklərin sahibləri daha az narahatlıq, qəzəb və kədər yaşayıb, onların orqanizmində stress hormonu olan kortizolun səviyyəsi də daha aşağı olub.

Çox vaxt «sevgi hormonu» adlandırılan oksitosin valideynlərlə körpə arasında bağın yaranmasına kömək edir. Bu araşdırmada oksitosin səviyyəsi daha yüksək olan pişiklərin sahiblərinin özlərində də adətən bu hormonun səviyyəsi daha yüksək olub. Bu pişiklər həm də daha ünsiyyətcil olub, sahiblərinə və hətta yad adamlara daha çox yaxınlaşıblar.

Tədqiqatçılar 29 pişiyi və onların sahiblərini bir ay ərzində evdə müşahidə altında saxlayıblar. Pişiklərin boyunluqlarına hər pişiyin sahibinin yanında nə qədər vaxt qaldığını göstərən kiçik simsiz etiketlər taxılıb. Hormonların səviyyəsi pişiklərin və sahiblərinin sidik nümunələri vasitəsilə ölçülüb, sahiblər isə öz əhval-ruhiyyələri barədə məlumat veriblər.

Nəticələrə görə, insanın neçə il pişik saxlaması onun yaxşı əhval-ruhiyyəsi ilə əlaqəli olmayıb, əhəmiyyət kəsb edən isə onun hər gün pişiyi ilə birlikdə keçirdiyi vaxt olub. Pişiyi yanında daha çox qalan insanlar özlərini daha gümrah və enerjili hiss ediblər. Bəlkə də elə bu tapıntı pişiklərin insanlara faydası ilə bağlı əvvəlki araşdırmaların niyə fərqli nəticələrə gəldiyini izah edir: ehtimal ki, pişiklə qurulan münasibət onun sadəcə saxlanmasından daha vacibdir.

Bu bağ itlərdə müşahidə olunandan fərqlənir. İtin stress hormonları adətən sahibinin stress hormonları ilə birlikdə artıb-azalır, lakin pişiklərdə belə uyğunluq müşahidə olunmayıb və pişiklə sahibi arasındakı bağ onların oksitosin səviyyəsində özünü göstərib. Bununla belə, bu araşdırma kiçik miqyasda aparılıb, yalnız bu amillər arasındakı əlaqəni göstərir və pişiklərin sahiblərini sakitləşdirdiyini sübut etmir.