Hər gün içdiyiniz bir fincan qəhvə üç ağır xərçəng növünün riskinin azalması ilə əlaqəlidir: qaraciyər, uşaqlıq və yoğun bağırsaq xərçəngi. 20 böyük əhali qrupunu əhatə edən araşdırma göstərib ki, gündə dörd və ya daha çox fincan qəhvə içənlərdə qaraciyər xərçəngi riski 45 faiz aşağıdır.
Qadınlar üçün də xoş xəbər var. 1,5 milyon qadın üzərində aparılan tədqiqatda eyni miqdarda qəhvə qəbulu uşaqlıq xərçənginin ən geniş yayılmış növü olan endometrium xərçəngi riskinin 20 faizədək azalması ilə müşayiət olunub. Qəhvə içən yoğun bağırsaq xərçəngi xəstələri arasında ölüm halları da 22 faiz az olub. Xəstəliyin üçüncü mərhələsində bu göstərici 43 faizə çatıb.
Bu təsirin əsas səbəbi təkcə kofein deyil, çünki kofeinsiz qəhvə də eyni nəticəni göstərib. Tədqiqatçılar bu təsiri qəhvənin tərkibindəki, qaraciyər iltihabının qarşısını alan polifenollar və diterpenlərlə izah edirlər.
Səbəb-nəticə əlaqəsi hələ sübuta yetirilməyib, qəhvə içənlərin həyat tərzi də bu nəticədə rol oynaya bilər. Sadəcə unutmayın ki, söhbət qaymaq və şəkərlə dolu kapuçinodan deyil, qara və təmiz qəhvədən gedir.