Türkiyə ilə Liviya arasındakı dəniz sazişinin təxminən yeddi ildən sonra Liviyanın şərqində yerləşən parlament tərəfindən təsdiqlənməsi Şərqi Aralıq dənizindəki geosiyasi balansı yeni mərhələyə daşıyıb və Yunanıstanın sərt reaksiyasına səbəb olub.
Liviya Nümayəndələr Palatası oktyabrın 20-də Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz yurisdiksiya sahələrinin delimitasiyası haqqında sazişi yekdilliklə təsdiqləyib və bu sazişə qarşı çıxmaqla bağlı əvvəlki qərarını ləğv edib.
Türkiyə Xarici İşlər Nazirliyi bu qərarı alqışlayaraq bildirib ki, sözügedən saziş beynəlxalq hüquq və ədalət prinsipləri əsasında hazırlanıb və Ankara ilə Tripolinin ortaq maraqlarına xidmət edir.
Bu hadisənin əhəmiyyəti ondadır ki, Xəlifə Həftərin cəbhəsinə yaxın olan Liviyanın şərqindəki parlament əvvəllər Türkiyə ilə sazişin əleyhinə idi. Lakin indi mövqeyini dəyişərək sazişin Liviyadakı siyasi dayağını gücləndirib.
Türkiyənin Krit adası ətrafındakı dəniz iddialarına qarşı çıxan Yunanıstan bu sazişi qeyri-qanuni hesab edir. Ankara isə öz növbəsində vurğulayır ki, Yunanıstan adaları Türkiyənin uzun sahil xəttindən irəli gələn dəniz hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırmamalıdır.
Sazişin təsdiqlənməsi Türkiyənin dəniz diplomatiyası üçün mühüm nailiyyət sayılır. Bu addım sərhəd danışıqlarında və Şərqi Aralıq dənizinin enerji resursları uğrunda rəqabətdə Ankaranın danışıqlar mövqeyini gücləndirə bilər. Bununla belə, Yunanıstanla hüquqi fikir ayrılıqları hələ də qalmaqdadır.