Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı «Türk dünyasının gələcəyi bizim ortaq məsuliyyətimizdir» deyərək vurğulayıb ki, türk dövlətlərinin birliyi bir ölkənin digəri üzərində hökmranlığı demək deyil. Onun sözlərinə görə, bu birlik suveren bərabərlik, qarşılıqlı hörmət, eləcə də hər bir ölkənin milli kimliyinin və iradəsinin qorunması əsasında formalaşmalıdır. Baxçalı qardaşlığın qorunmasını və türk dövlətlərinin müstəqilliyinə hörməti ümumi məsuliyyət kimi dəyərləndirib, Türk dünyasının beynəlxalq arenada mövqeyini gücləndirməyə çağırıb.
TRT Haber-in məlumatına görə, Baxçalı bu fikirləri bəyanatında səsləndirib. Bəyanat Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü, türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının sammiti ilə bağlı yayılıb. O, ortaq tarixi, dili, mədəniyyəti və idealları türk xalqları arasındakı bağların dayağı kimi səciyyələndirib. İsmayıl Qaspıralının «Dildə, fikirdə, işdə birlik» şüarını xatırladan Baxçalı bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı bu tarixi yaxınlığın institusional əməkdaşlığa və ortaq məqsədlərə çevrilməsi üçün platformadır.
Milliyyətçi Hərəkat Partiyasının sədri Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət çəkib. O bildirib ki, iki ölkənin qardaşlığı gündəlik hadisələr çərçivəsinə sığmayacaq qədər köklüdür və siyasi-diplomatik məsələlərdən daha dərin mahiyyət daşıyır. Baxçalı vurğulayıb ki, fikir ayrılıqlarının davamlı ayrılığa çevrilməsinə və ya qardaş ölkələr arasında inamsızlığa zəmin yaratmasına imkan verilməməlidir. O, həmçinin Türk Dövlətləri Təşkilatının «2040 Vizyonu»na istinad edib. Baxçalı siyasi koordinasiyanın genişləndirilməsini, iqtisadi əlaqələrin gücləndirilməsini, nəqliyyat və enerji marşrutlarının inkişafını, eləcə də təhsil və mədəniyyət sahələrində əməkdaşlığı bu ölkələrin ortaq məsuliyyətləri sırasında sadalayıb.