Axios saytı İsrailin baş naziri Benyamin Netanyahunun son üç gündə Donald Trampla iki dəfə əlaqə saxladığını və ABŞ prezidentindən İsraildəki parlament seçkilərində ona daha çox açıq dəstək verməsini istədiyini üzə çıxarıb.
Axios-un müxbiri Barak Ravidə istinadən verilən məlumata görə, ABŞ və İsrail mənbələri bildiriblər ki, Netanyahu hətta Trampın yeni dəstək mesajları üçün mətnlər təklif edib və ABŞ prezidentindən İsrail jurnalistləri ilə müsahibə verməsini istəyib.
Bu xəbərin yayılmasından bir neçə saat sonra Tramp yenidən Netanyahuya dəstəyini ifadə edib və İsrail seçicilərinə müraciətlə yazıb: «Benyamin Netanyahuya səs verin; biz başladığımız işi sona çatdırmalıyıq».
Bu mesaj ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatına birbaşa işarə ilə yayımlanıb.
Eyni zamanda, Axios daha əvvəl Netanyahunun hətta İsraildəki seçkilərdən öncə İrana qarşı hücumların bərpası ilə bağlı Trampla məsləhətləşmələr apardığını xəbər vermişdi. Ağ Ev isə bu danışıqlarla bağlı irəli sürülən versiyanı rədd etmişdi.
Son sorğulara əsasən, Netanyahunun koalisiyası hakimiyyəti əlində saxlamaq üçün ciddi çətinliklə üzləşir və hökumət qurmaq üçün lazım olan çoxluğu əldə edə bilməmək ehtimalı var.
Likud partiyasının sözçüsü də Axios-un Netanyahunun Trampdan son xahişləri ilə bağlı iddiasını təkzib edib.
İsraildə seçkilər 27 oktyabr, çərşənbə axşamı keçiriləcək. Seçkilərin İslam Respublikasına qarşı yeni təhdidlərlə eyni vaxta düşməsi bölgədə hərbi gərginliyin artması ehtimalı ilə bağlı narahatlıqları artırıb.