İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində bəzi investorlar hesab edir ki, Benyamin Netanyahunun hakimiyyətdən getməsi səhm bazarının daha da yüksəlməsinə, İsrail valyutasının güclənməsinə və regionda gərginliyin azalmasına zəmin yarada bilər.
Reuters-in məlumatına görə, 2023-cü il oktyabrın 7-dəki hücumlardan bu yana Təl-Əviv fond bazarı təxminən 130 faiz bahalaşıb, İsrailin milli valyutası olan şekelin dəyəri isə 25 faiz artıb.
Bununla belə, JPMorgan maliyyə şirkətinin analitikləri hesab edir ki, Qadi Ayzenkotun başçılıq etdiyi müxalifət koalisiyası qalib gələrsə, siyasi gərginliyin azalması və İsrailin Qərb ölkələri ilə münasibətlərinin yaxşılaşması hesabına şekel daha da güclənə bilər.
Reuters-in istinad etdiyi sorğulara əsasən, Netanyahunun "Likud" partiyası ilə müxalifət koalisiyası arasında rəqabət sıxdır və iki düşərgədən heç biri parlamentdə 61 yerlik çoxluq qazanacağına əmin deyil.
Bu proseslər son üç ildəki müharibələrin İsrail iqtisadiyyatına 55 milyard dollardan artıq xərc yüklədiyi bir vaxtda baş verir.
Bəzi investorların hökumətin dəyişməsinə nikbin yanaşmasına baxmayaraq, digərləri hesab edir ki, seçkinin nəticəsindən asılı olmayaraq İsrail iqtisadiyyatı və maliyyə bazarları artımı davam etdirməyə qadirdir.