Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri cümə günü dördtərəfli «R4» mexanizmi çərçivəsində İstanbulda bir araya gəliblər. Nazirlər Yaxın Şərqdəki prosesləri, regional gərginliyin azaldılmasını və davamlı sabitliyə nail olmağın yollarını müzakirə ediblər.
Görüşdə dörd ölkə regional böhranların diplomatiya və dialoq yolu ilə həll edilməsinin zəruri olduğunu vurğulayıb. Onlar hərbi toqquşmaların genişlənməsinin təhlükəsizlik, siyasi və iqtisadi nəticələri barədə xəbərdarlıq ediblər. Yaxın Şərqdəki proseslər, husilərin Səudiyyə Ərəbistanına hücumları və beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyinin təmin edilməsi danışıqların əsas mövzuları arasında olub.
Hakan Fidan həmçinin ABŞ ilə İran arasındakı fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb. O, hərbi addımların davamlı həll yolu təqdim etmədiyini qeyd edib. Hörmüz və Babül-Məndəb boğazlarında gəmiçilik azadlığı da Türkiyənin bu danışıqlarda önə çəkdiyi mövzular arasında olub.
Dördtərəfli görüşün davamında Böyük Britaniya, Fransa və Almaniyanın, eləcə də İtaliyanın xarici işlər nazirləri daha geniş formatlı «R4+E3» görüşü çərçivəsində İstanbul danışıqlarına qoşulublar.