BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato İslam Respublikası müxaliflərinə qarşı transmilli repressiyaların qeydə alınması üçün çağırış edib. O, qurbanlardan, hüquq müdafiəçilərindən, vətəndaş cəmiyyəti qurumlarından və dövlətlərdən əllərindəki sənədləri 15 noyabradək hrc-sr-iran@un.org ünvanına göndərmələrini istəyib.
Bu sənədlər onun İnsan Hüquqları Şurasının 64-cü sessiyasına təqdim edəcəyi yeni məruzədə araşdırılacaq. Məruzənin əsas mövzusu İrandan kənarda müxaliflərə qarşı repressiyalardır: təhdid və təqibdən tutmuş adam oğurluğu və hücumlara qədər. Repressiyaların ailələr üçün nəticələri və gender ayrı-seçkiliyi də araşdırılacaq.
ABŞ Konqresinin Tədqiqat Xidməti iyul ayında İslam Respublikasının adı ilə bağlanan ən azı 51 fiziki transmilli repressiya halı barədə məlumat verib. Bu statistika "Freedom House" təşkilatının 2014-2025-ci illəri əhatə edən məlumatlarına əsaslanır və sui-qəsd və adam oğurluğu hallarını da əhatə edir. İslam Respublikası ən çox hal qeydə alınmış on hökumət arasındadır.