ArazNews
Ana Səhifə / İnsan Haqları / Azərbaycan siyasi məhbuslarına təzyiq artır: Təbriz həbsxanasında milli fəallar ümumi cinayət məhbuslarının korpusuna köçürülüb
İnsan Haqları

Azərbaycan siyasi məhbuslarına təzyiq artır: Təbriz həbsxanasında milli fəallar ümumi cinayət məhbuslarının korpusuna köçürülüb

Azərbaycan siyasi məhbuslarına təzyiq artır: Təbriz həbsxanasında milli fəallar ümumi cinayət məhbuslarının korpusuna köçürülüb

Təbrizdən Araznews-a daxil olan məlumatlara görə, Yuruş Mehralibəyli, Əli Babayi və Əli Nejadabbasi Bostanabad da daxil olmaqla bir sıra Azərbaycan siyasi məhbusu Təbriz həbsxanası rəhbərliyinin qərarı ilə ümumi cinayət məhbuslarının və narkotik asılılığı olan şəxslərin saxlandığı korpuslara köçürülüb. Mənbələr bu köçürülməni onlara psixoloji və fiziki təzyiqi artırmaq məqsədi daşıyan «cəza tədbiri» kimi qiymətləndiriblər.

Həmin mənbələrin sözlərinə görə, həbsxana rəisi daha əvvəl bu məhbusları həbsxanadakı siyasi fəaliyyətlərini dayandırmaları üçün hədələyibmiş. Mənbələr bildirir ki, onlar bu tələbi qəbul etməkdən imtina etdikdən sonra köçürülüblər və bu addım onlara əlavə təzyiq göstərmək məqsədi daşıyır.

Eyni mənbələr məhbusların köçürüldüyü korpuslarda saxlanma şəraitini son dərəcə əlverişsiz kimi səciyyələndiriblər. Məhbusların ailələri də bu köçürülmənin onların fiziki və psixi sağlamlığına təsirindən narahatdırlar.

Bu, Təbriz həbsxanasında Əli Babayi və Yuruş Mehralibəyliyə təzyiqlə bağlı ilk məlumat deyil. Araznews 1405-ci il tir ayının 9-da yaydığı xəbərdə Babayinin 12 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra xüsusi korpusa köçürüldüyünü bildirmişdi. Həmin xəbərdə onun Mehralibəylinin xüsusi korpusa köçürülməsinə etiraz olaraq siyasi məhbusların kollektiv aclıq aksiyasına qoşulduğu da qeyd olunmuşdu.

Mehralibəyli və Babayi 13 fəalın birgə cinayət işi üzrə ağır həbs cəzaları ilə üzləşən Azərbaycan türk fəallarıdır. Apellyasiya məhkəməsinin 1405-ci ilin ordibehişt ayında çıxardığı qərara əsasən, Mehralibəyli «qanunsuz qrup yaratmaq» və «ölkənin təhlükəsizliyi əleyhinə toplaşma və sövdələşmə» ittihamları ilə ümumilikdə 9 il 9 ay həbs cəzasına məhkum edilib. Babayi barəsində qanunsuz qrupa üzvlük, həmçinin toplaşma və sövdələşmə ittihamları ilə çıxarılan hökmlərin ümumi müddəti isə 6 il 4 aydır.

1374-cü il təvəllüdlü, Bostanabadda yaşayan Əli Nejadabbasi Bostanabad 1405-ci il fərvərdin ayının 8-də evində həbs edilib, daha sonra Təbriz həbsxanasına köçürülüb. Bostanabad İnqilab Məhkəməsi onu «İran ərazisində bir xarici dövlətin xeyrinə, digər xarici dövlətin zərərinə casusluq» ittihamı ilə 2 il 1 gün həbs cəzasına məhkum etmişdi. O, hökmü qəbul etdikdən sonra cəza müddəti 1 il 11 aya endirilib.