Hər hansı yeni müharibə başlayan kimi İrandakı istifadəçilərin beynəlxalq internetə çıxışı dərhal kəsilməlidir. İranda fəaliyyət göstərən iqtisadi saytlardan biri xəbər verib ki, İslam Respublikasının yuxarı instansiyaları bu göstərişi rəsmi və icrası məcburi olan bildirişlə veriblər. Bildirişdə qlobal şəbəkənin kəsilməsi «icra öhdəliyi» kimi müəyyənləşdirilib.
Rabitə Nazirliyinin Milli İnformasiya Şəbəkəsinin inkişafı üzrə müavini Vahid Yezdaniyan da mehr ayının 18-də (oktyabrın 10-da) müharibə və ya yenidən iğtişaşlar baş verəcəyi təqdirdə internetin kəsilə biləcəyini bildirmişdi. Halbuki həmin nazirliyin hüquq məsələləri üzrə müavini Məhəmməd Hatəmizadə daha əvvəl internetin kəsilməsinin artıq təkrarlanmayacağını iddia etmişdi.
ABŞ və İsrail 1404-cü il isfənd ayının 9-da (2026-cı il fevralın 28-də) hücumlara başladıqdan sonra beynəlxalq internet təxminən 88 gün kəsili qalıb. NetBlocks bunu bir ölkədə qeydə alınmış ən uzunmüddətli ümummilli internet kəsintisi adlandırıb. 1404-cü ilin dey ayında (2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı) baş verən etirazlar zamanı da internet təxminən 20 gün kəsilmişdi.